Qloballaşma yeni bir tendensiya olmasa da, bu proses son 50 ildə xeyli sürətlənib. Qloballaşma məcburi idi. Onu məcburi edən amil sadəcə beynəlxalq maliyyə güclərinin təsiri deyildi. Onu bu qədər sürətləndirən əslində müharibələrdən qaçmaq məcburiyyəti idi ki, bu da dövlətlər arasında əməkdaşlığı və inteqrasiyasını şərtləndirirdi. İki dünya müharibəsi faciəvi idi, bir üçüncüsü isə nüvə silahına sahib olan sivilizasiyanın axırına çıxa bilərdi. İnteqrasiya tələbləri II-ci dünya müharibəsindən sonra kommunizm təhlükəsi ilə bir yerdə üzə çıxmışdı. Kommunizm qorxusundan başqa, resursların konkret əllərdə cəmləşməsi də təhlükə kimi görülürdü. Bunun qarşısını almaq üçün, 1957-ci ildə Avropa Birliyinin təməli atılaraq Avropa Kömür və Polad Birliyi yaradılmışdı. Bu da bizə siyasi motivli iqtisadi inteqrasiyanın haradan başladığını göstərir. İqtisadi güclərin siyasətə təsiri mübahisə doğurmur. Beləliklə, qərb dünyasının iqtisadi inteqrasiyası siyasi inteqrasiyasını tamamlayaraq getdikcə artırdı. Sosialist bloku ilə iqtisadi sahədə əməkdaşlıq çətin göründüyündən, Qərb bloku BMT və ATƏT çərçivəsində sosialist blokundan gələn təhlükələri zəiflətmək və onlara sızmaq arzusundaydı. Qloballaşmanın təhlilində gözə çarpan digər vacib amillər də var. Daha əvvəl sözünü etdiyim iqtisadi qurumlar, zamanla güclənmişdi. Bunun əsas səbəbi isə dövlət siyasətinin güclənməyə şərait yaratması idi. Bu, hökumətlərin birbaşa məqsədi deyildi. Məsələn, anti-monopol siyasət ilə dövlətlər çox güclü maliyyə korporasiyalarının da qarşısını almaq istəyirdilər. Habelə dövlətin iqtisadiyyata müdaxiləsi də getdikcə artırdı. İqtisadiyyat isə bundan çox da razı deyildi. Lakin kapitalizmin belə bir xüsusiyyəti də var ki, dövlətin özü, iqtisadi qurumlar olmadan və onların güclərindən istifadə etmədən yaşaya bilmir. X dövləti başqa bir dövlətə nüfuz etmək istədikdə nə edir? Birinci növbədə həmin ölkədə öz təşkilatlarının, banklarının və iqtisadiyyatının çəkisini artırır ki, bu da təbii bir addımdır. Dövlət onları dəstəkləyir. Bu mərhələdə də, iqtisadi güclər transmilli hala çevrilməyə başlayır. Məsələn, BP şirkətinin Azərbaycan bazarına girməsi ilə, artıq ARDNŞ də öz fəaliyyətini xaricə açmış, Türkiyədə, Gürcüstanda, Ukraynada investisiyalar qoymağa başlamışdı. Hələ ki, ARDNŞ transmilli korporasiya deyil, lakin Qərbdə bəzi qurumlar onu ciddi rəqib kimi görməyə başlasalar, həm hökumətə onun özəlləşdirilməsi üçün təsir göstərəcək, həm də o şirkətin xaricdə işləməsinə mümkün olduğu baryerləri irəli sürəcəklər. Dünya Bankı və BVF bu işi yaxşı bacarır, təki sizin kreditə ehtiyacınız olsun. Başqa bir məqama daha diqqətinizi çəkmək istəyirəm. Qəbul etdik ki, böyük dövlətlər arasında müharibə heç kəs tərəfindən istənilmir. Lakin böyük dövlətlər, var olduqları müddətdə öz aralarında rəqabət aparacaqlar. Rəqabət isə məhz iqtisadi təzyiq mexanizmləri ilə həyata keçirilir və burada ilk silahlar məhz transmilli şirkətlər olub. Prosesin əvvəlini daha əvvəl izah elədim. Sonrakı proseslər isə, bunu getdikcə sürətləndirib. Məsələn, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) nə üçün qurulduğuna diqqət yetirək. ÜTT bir növ oliqarxlar klubudur. Müxtəlif iqtisadiyyat sahələrini, qeyri-formal olaraq müxtəlif dövlətlər təmsil edir. Burada məqsəd, iqtisadi qurumların sərhədötəsi fəaliyyətinə əngəl olan baryerlərini aradan qaldırmaqdır. Dövlətlər gömrük rüsumlarını mümkün olduğu qədər azaltmalı, xarici şirkətlərin öz xidmət və personalı ilə fəaliyyət göstərməsinə əngəllər aradan qaldırılmalı, dövlətin milli iqtisadiyyata yardımı ləğv edilməlidir. ÜTT-yə kasıb ölkələri böyük bir istəklə dəvət edib qucaqlarına basırlar. Məsələn, deyirlər ki, Tanzaniyanın bütün şirkətləri Almaniyada yerli şirkətlər kimi fəaliyyət göstərə bilər. Onsuz da bəllidir ki, Afrika şirkətləri “Siemens” ilə rəqabət edə bilməyəcək. Lakin bunun nəticəsində “Siemens” Afrika bazarına girir və oradakı iqtisadi qurumları müvafiq sahədən çıxarır. Diqqət etsəniz, burada bir-birinə zidd iki aspekt var. Adətən, sosial dövlət xeyli dərəcədə iqtisadiyyata müdaxilə edən dövlət olduğu halda, ÜTT belə müdaxilənin azalmasını tələb edir. Və bunun arxasında da əsas aparıcı dövlətlərin durduğunu görürük. ABŞ heç vaxt sosial dövlət olduğunu onsuz da iddia etmirdi. Lakin Avropanın Almaniya və Fransa kimi dövlətlərinin “sosial dövlət” olma xüsusiyyəti ilə bu vəziyyətlə necə uzlaşdığı qəribədir. Burada yenə diqqətinizi transmilli şirkətlərə (TMŞ) çəkəcəm. UNCTAD-a görə, 2004-cü il göstəriciləri ilə dünyada 63 minə yaxın TMŞ var, dünya ÜDM-nin 75%-ni bunlar istehsal edir. Bu “əjdahalar” dünya elektronik istehsalının 80%-ni, farmasevtik və kimya məmulatlarının 95%-ni, maşınqayırmanın 76%-ni əllərində saxlayırlar. 20-ci əsrin ikinci yarısında, müxtəlif faktorlar səbəbindən gücü çatan maliyyə qrupları bir ölkənin sərhədlərini aşaraq millətlərarası qurum formasına keçdilər. Bu onlara xeyli imtiyazlar verdi: onlar konkret bir dövlətin anti-inhisar tədbirlərindən və yurisdiksiyasından yaxa qurtardılar, rahatlıqla güclərini dünyanın bir tərəfindən başqa bir tərəfə keçirmə imkanına sahib oldular. Habelə, müxtəlif insan resurslarından istifadə etməyə, mallarını daha rahat sata bilmə və daha rahat istehsalat etmə imkanını əldə etdilər. Bu şirkətlər istehlak cəmiyyətini qurmaq məqsədini güdürdülər, artan maliyyə gücü onlara KİV-lərə və hökumətlərə təsir göstərmə imkanı verirdi. Onların büdcəsi dövlət büdcələrini keçməyə başladı. Onlar sadəcə, xarici ölkəyə mal və xidmət ixrac etmir, istehsalat işini birbaşa xaricdə görməyə başlayırdılar. Hökumətlər birbaşa xalqla əlaqə yarada bilmirdi, çünki arada bu əhalini işlədən şirkətlər var idi. Bu səbəbdən öz siyasətlərini həyata keçirən hökumətlər və onların üzvləri, oliqarx olsalar da, olmasalar da, şirkətlərlə əməkdaşlıq etmək məcburiyyətində qalmışdılar. Məsələn, bir fakta diqqət yetirin. ABŞ-ın avtomobil sənayesində minlərlə işçi işləyir. Hökumətlərin bunlara birbaşa təsir etmə imkanı azdır. Arada “Ford”, ya da “General Motors” kimi transmilli şirkətlər durur. Azərbaycan misalı. Öz gücümüz, dərin sulardan nə nefti çıxarmağa, nə də ki onu xaricə çıxarmağa çatırdı. Bu səbəbdən transmilli şirkətlər ilə əməkdaşlığa getmək məcburiyyətində qalırıq. Toni Bleyerin 2007-ci ildə dediyini yadınıza salım: “biznes aləmi, sadəcə partiya dəstəkçisi olaraq qarşımıza çıxmır, o eyni zamanda qlobal debatda vacib bir aktyordur”. Qloballaşma bir anlayış olaraq ilk növbədə iqtisadi sahədə dilə gətirilib. Əlbəttə bunun siyasi motivləri də var. AB, ÜTT kimi təşkilatlar vasitəsilə, beynəlxalq ticarətin artması məqsədi güdülüb, beynəlxalq bir istehlak cəmiyyətinin yaradılması arzulanıb. Beləliklə TMŞ-lər, qloballaşmanı sürətləndirməyi özləri üçün vacib məqsəd sayır. Qloballaşma milli baryerlərin aradan qaldırılmasını, bənzər və ortaq bir istehlakçı və mədəniyyət mentalitetinin qurulmasını tələb edir. Bununla belə düşünməyin ki, transmilli şirkətlər milli dövlətləri aradan qaldırmaq istəyir. Onların qətiyyən belə bir niyyəti yoxdur. TMŞ-lər pul qazanmaq istəyirlər, bu işdə siyasətçilərin onlara köməyini gözləyirlər. Qloballaşma sadəcə, əməkdaşlıq edən və milli suverenliyi nisbətən zəif dövlətləri istəyir. Mərkəzi hökumətlər uzlaşan deyilsə, zəif olmalıdır. Hökumət uzlaşan olduğu müddətcə, ona toxunulmur. Monarxiya olsa belə. Məsələn, Səudiyyə Ərəbistanı kimi. Qloballaşma universal istehlak cəmiyyətini istəsə də, səmimi olaraq insanların yoxsulluq içində yaşamasını istəmir. Çünki yoxsul insan inqilab və üsyan edərsə, bolşeviklərin misalında olduğu kimi, qlobal maliyyə gücləri bundan çox şey itirə bilər. Qloballaşma gücləri əmlak bazarı yerinə maliyyə bazarı anlayışını gətirərək, böhran zamanlarında hakim gücə istədiyi qədər pul çap etmə imkanını tanıyıb və bununla da böhranları idarə edərək inqilabların və üsyanların da qarşısını alıb. “İnqilabçı, gerilla” sözü də modadan düşürülərək, onun yerinə “terrorçu” sözü gətirilib və sürpriz gəlişmələrin önü alınmaq istənilib. Hökumət üzvləri eyni zamanda artıq iqtisadi aktyorlardır: məsələn, George Bush “Carlyle” silah istehsalı şirkətinin payçılarından biridir. Maraqlıdır, eyni şirkətin payçıları arasında Bin Ladenə yaxınlığı ilə tanınan ərəb milyarderləri də var. Qloballaşma müxtəlif sahələrdə həm istənilən, həm də labüd yaxınlaşmanı gətirir. Bir az əvvəl siyasi, iqtisadi və mədəni inteqrasiyadan bəhs elədim. Çünki bu sahədəki aşırı fərqlər, beynəlxalq ticarət və biznes üçün maneə törədir. Eyni zamanda, hüquqi bazada da yaxınlaşma yaranır. Bu sadəcə, onunla bağlı deyil ki, informasiya cəmiyyətində qonşu dövlətdəki qanunvericiliyi öyrənmək asandır. Hüquqi yaxınlaşmanı labüd edən faktorlardan ilki siyasi inteqrasiyadır, o ümumi hüquq sahəsini birləşdirdiyi kimi, ikinci faktor – artan ticarət əlaqələri də mülki hüququn yaxınlaşmasını tələb edir. İnformasiya cəmiyyəti də qloballaşmanın yaratdığı bir məhsuldur. Lakin onun da eyni zamanda mənfi təsirləri mövcuddur. Əvvəlcə etiraf edək ki, internetdə bir məsələ haqqında məlumat axtaranda, “Google” axtarış saytında ilk çıxan linklərə baxaraq kifayətlənirik, 40-cı sırada olana baxmadığımız kimi, uzun yazıları da oxumaq istəmirik. Bu o deməkdir ki, bu cür insanı birtərəfli yönləndirmək rahatdır. Qloballaşma davam edəcək. Lazım olanda, o ölkələrdə hətta inqilablara, daha nadir hallarda isə hərbi müdaxilələrə belə səbəb olacaq. Qloballaşmanın nəticələrini TMŞ-lər ilə milli dövlətlər arasındakı razılaşmalar şərtləndirəcək. “McDonalds” Kanadada “McBurger”i, Bakıda isə “McLavaş”ı satacaq. Milli “rənglər” nəzərə alınacaq… Telefon şirkətləri 1 dəqiqə üçün ucuz danışıq paketi təklif edərək, sizin gündə 2 dəqiqə yox, 10 dəqiqə danışmağınızı təmin edəcək, lakin siz ehtiyacınız olmadığı halda 50 qəpik əvəzinə 1 manatlıq danışacaqsınız. Beləliklə biz, qlobal istehlak cəmiyyətinin üzvləri, eyni zamanda da öz milli dövlətlərimizin də vətəndaşı olmağa davam edəcəyik. Proses milli dövlətləri zəiflədərək əvvəlcə təkqütblülüyü artıracaq, lakin 21-ci əsrin ortalarında iri regional birlik-dövlətlərin yaranmasına gətirib çıxaracaq.
Dr. Fərhad MEHDİYEV